“Effektiv Ünsiyyət Bacarıqları” layihəsi başa çatıb
Tarix: 06 12 2024 20:53
Bu gün elm və təhsil naziri Emin Əmrullayev Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Natiq Qasımov adına Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə olub. “Azərbaycan müəllimi” xəbər verir ki, əvvəlcə Natiq Qasımovun məktəbin foyesindəki xatirə lövhəsinə baxış keçirilib, Milli Qəhrəmanın əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra nazir Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adının bu məktəbə verilməsi ilə bağlı görülən işlərlə yerində tanış olub, tədris binasının şəraiti ilə maraqlanıb, dərs prosesini izləyib.
Emin Əmrullayev Milli Qəhrəman Natiq Qasımovun adının onun təhsil aldığı 4 nömrəli tam orta məktəbə verilməsini mühüm hadisə kimi dəyərləndirib. Nazir bu qərarın məktəbdə təhsil alan şagirdlərin milli vətənpərvər ruhda yetişməsinə, onların layiqli vətəndaşlar kimi formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Natiq Qasımovun büstünün hazırlanması ilə əlaqədar zəruri işlərin aparıldığını vurğulayıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülən işlərdən söz açıb. O bildirib ki, şagirdlərə milli vətənpərvərlik ruhunun aşılanması məqsədilə şəhidlərin adını əbədiləşdirən müxtəlif layihələr həyata keçirilir: “Məktəbimizin digər qəhrəman məzunlarının da adları müxtəlif sinif otaqlarına verilib. Həmin siniflərdə təhsil alan şagirdlərə qəhrəmanlıq dərsləri keçirilir, bu dərslər onların vətənpərvərlik ruhunu daha da gücləndirir”.
Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov şəhidin adının əbədiləşdirilməsi ilə bağlı qərarın verilməsinin təkcə ailəsi üçün deyil, bütün Mingəçevir ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu vurğulayıb.
Natiq şəhid qardaşının həyatının gənclər üçün bir vətənpərvərlik nümunəsi olduğunu qeyd edərək məktəbdə təhsil alan hər bir şagirdin Vətənə onun kimi sevgi ilə bağlanmasını vacib sayıb.
O, Natiq Qasımovun adının ədəbiləşdirilməsinə görə ailəsi adından Azərbaycan Prezidenti İlham Əliyevə, elm və təhsil naziri Emin Əmrullayevə də minnətdarlığını bildirib.
Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbin direktoru Zaur Müseyibov rəhbərlik etdiyi təhsil müəssisəsinin kollektivinin qəhrəman şəhidin adının əbədiləşdirilməsindən məmnun qaldığını deyib. Direktor qeyd edib ki, bu təhsil ocağı 1980-ci ildən fəaliyyətə başlayıb və qısa müddət ərzində bölgənin qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib. 2013-2015-ci illərdə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə əsaslı təmir olunan məktəb müasir tədris standartlarına cavab verən infrastruktura malikdir. Hazırda məktəbdə 1345 şagird təhsil alır və onlara yüksəkixtisaslı 82 müəllim dərs keçir. Bu məktəb Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman şəhidlər yetişdirib. Məktəbdə yaradılmış "Şəhidlərimizin xatirəsinə" adlı xüsusi guşədə Natiq Qasımovla yanaşı, digər şəhid məzunların da həyat və qəhrəmanlıq yolları haqqında məlumatlar təqdim olunub. Bundan əlavə, məktəbdə sinif otaqlarına şəhidlərin adları verilib. Məktəbdəki "Vətən şəhidlərinə ehtiram" guşəsində isə şəhidlərin fotoşəkilləri, həyatı və döyüş yolu haqqında məlumatlar öz əksini tapıb.
Bizi sosial şəbəkədən izləyin